Bionik əl protezi əlləri amputasiya olunan insanlara kömək edəcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency – DARPA) hazırladığı yeni nəsil innovativ protez əl artıq bu ildən əlləri amputasiya olunan insanlara yardımçı olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, bionik protez ilk dəfə 2014-cü ildə inqilabi protezləşdirmə proqramı çərçivəsində nümayiş olunub. Həmin vaxt “DEKA” adlanan protezin adı hazırda “LUKE” (Life Under Kinetic Evolution) ilə əvəzlənib. “LUKE” bionik protezi kommersiya bazarları üçün təsdiq edilən ilk protez olmaqla xəstənin əllərində mürəkkəb siqnalları müəyyən hərəkətə çevirir.

Bildirilir ki, bionik protez əl tibbi qurğuların istehsalı ilə məşğul olan “Mobius Bionics” şirkəti tərəfindən bazara çıxarılacaq və “Universal Instruments Corporation” şirkəti ilə birlikdə inteqrasiya olunmuş protezləşdirmə üçün yeni məhsul kateqoriyası kimi istehsal ediləcək.

Protezin idarəetməsinin əsasını xəstənin əllərində siqnalları analiz edərək onları müəyyən hərəkətə çevirən elektromioqramma oxunma texnologiyası təşkil edir. Bionik əlin yeni versiyasında əsas yenilik protez üzərində nəzarətin təkmilləşdirilməsi və geniş əhatədə tənzimləməyin mümkün olduğu tutma gücüdür. Protez 10 aktiv sərbəstlik dərəcəsinə malikdir.

Protez sistemi, həmçinin xəstə üçün əks-əlaqəni təmin edən ötürücü dəstləri ilə təchiz edilib ki, bu da əlin sıxılma gücünü tənzimləməyə imkan verir. “LUKE” protezində daha bir yenilik isə simsiz şəbəkə ilə alternativ nəzarət vasitələri təklif edən mühərrikə qoşulan inersiyalı ölçmə cihazlarından istifadə hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir